
Lənkəranda Güləş Festivalı
Lənkəran şəhərində yerləşən Heydər Əliyev Xatirə Parkında Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən güləş festivalı keçirilib. Festivalın əsas məqsədi güləşin təbliği, sağlam həyat tərzinin aşılanması və uşaqların idmana marağının artırılması idi.
Festivalda AGF-nin rəhbər heyəti, olimpiya mükafatçıları, dünya və Avropa çempionları, milli komandanın məşqçiləri və digər rəsmi şəxslər iştirak ediblər. Açıq havada qurulmuş güləş xalçasında cənub bölgəsinin yeniyetmə və gənc güləşçiləri üçün ustad dərsləri təşkil olunub. Tanınmış idmançılar və məşqçilər iştirakçılarla öz təcrübələrini bölüşərək müxtəlif fəndləri nümayiş etdiriblər.
Festival zamanı müxtəlif idman və əyləncə müsabiqələri keçirilib, 'faceart' zonası fəaliyyət göstərib. Yerli sakinlər və gənc idmançılar məşhur güləşçilərlə görüşmək, onlardan avtoqraf almaq və xatirə şəkilləri çəkdirmək imkanı əldə ediblər. Festival güləşin daha geniş auditoriyaya tanıdılması, sağlam həyat tərzinin təbliği və regionlarda idman fəallığının artırılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilib.